Daun sindromlu uşaqların inkişafı ilə ümumi tanışlıq

Daun sindromlu uşaqların əksəriyyəti inkişaf mərhələlərini digər uşaqlara nisbətən daha gec keçir, o cümlədən yerimək və danışmaq qabiliyyəti. Onlar tez-tez yüngül və orta dərəcədə zehni çatışmazlığa malikdirlər, həmçinin diqqət çatışmazlığı, şifahi yaddaş və ifadəli ünsiyyətlə bağlı xüsusi çətinliklərlə üzləşə bilərlər. Daun sindromlu bir çox körpələrdə elastiklik və ya əzələ və oynaqlarda boşluqlar var, bu da onların sərbəst hərəkət etməsini, yuvarlanmasını, oturmasını, dayanmasını və nəhayət yeriməyi çətinləşdirir. Buna hipotoniklik deyilir. Ancaq fizioterapist və erqoterapistlərin erkən müdaxiləsi uşağa baş idarə etməyi, yuvarlanmağı, oturmağı, dayanmağı və yeriməyi formalaşdırır. Erkən fəaliyyət həyatın sonrakı dövrlərində hərəkətə mane ola biləcək ortopedik problemlərin inkişaf şansını azaldır.

Daun sindromlu uşaqlarda inadkarlıq, impulsivlik və əsəbilik kimi davranış problemləri daha çox rast gəlinə bilər. Digər tərəfdən, Daun sindromlu bir çox uşaq güclü sosial bacarıqlara malikdir. Hətta körpə ikən çoxları başqaları ilə əlaqə saxlamaq üçün qeyri-şifahi ünsiyyətdən istifadə edirlər. Onlar tez-tez güclü vizual öyrənənlərdir, məlumatları şəkillər, obyektlər və ya nümayiş vasitəsilə görə bildikləri zaman daha yaxşı başa düşürlər. Daun sindromlu bir çox uşaq sözləri oxumağı valideynlərinin və ya müəllimlərinin gözlədiyindən daha tez öyrənirlər.

Sosial inkişaf

Daun sindromlu uşaqların sosial fəaliyyəti digər inkişaf sahələrinə nisbətən nisbətən daha az gecikir. Daun sindromlu uşaqlar digər uşaqlara nisbətən yalnız bir və ya iki həftə gec üzə baxır və gülümsəyir. Onlar adətən körpəlikdən ünsiyyətə can atırlar. Daun sindromlu körpələr ünsiyyət qurmaqdan həzz alır və sosial vəziyyətlərdə jest də daxil olmaqla, bacarıqlardan yaxşı istifadə edirlər. Daun sindromlu uşaqların inkişafında müəyyən gecikmələr olsa da, onlar sosial bacarıqlarını böyüyənədək inkişaf etdirməyə davam edirlər.

Vizual dəstəklərlə öyrənmə

Daun sindromlu insanlar təsvir edilmiş şeyləri görməklə daha yaxşı öyrənirlər. Bu, dil, motor bacarıqları və təhsilin əldə edilməsi də daxil olmaqla bir sıra inkişaf sahələrinə də aiddir. Məlumat şəkillər, jestlər və ya obyektlərin dəstəyi ilə təqdim edildiyi zaman, onlar üçün öyrənmək daha effektiv olur.

Oxumaq bacarıqları

Daun sindromlu bir çox uşaq oxumaq bacarıqlarını inkişaf etdirə bilər. Oxumaq bütün uşaqlar üçün söz ehtiyatı və dil inkişafına mühüm töhfə verir. Daun sindromlu uşaqlar üçün xüsusi nitq gecikmələrini də nəzərə alınmaqla, xüsusi fayda ola bilər.

Motor inkişafı

Daun sindromlu uşaqlarda motor bacarıqları digər bacarıqlara nisbətən daha ləng inkişaf edir. Motor inkişafındakı bu gecikmələr Daun sindromlu uşaqların ətrafdakı dünyanı araşdırmaq və öyrənmək imkanlarını azaldır, həmçinin idrak inkişafına da təsir edir. Zəif motor bacarıqları dil bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər. Ona görə də Daun sindromlu uşaqların motor bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirmək lazımdır.

Nitq

Demək olar ki, hər bir Daun sindromlu uşağın dil anlamasına nisbətən ifadəli dili (nitqi) daha gec inkişaf edir. 

Uşaqlar iki növ ifadə çətinliyi ilə üzləşirlər:

  • Cümlə strukturlarını və qrammatikanı mənimsəməkdə gecikmə
  • Aydın nitqin inkişafında xüsusi çətinliklər

Uşaqların anlayışı ilə fikirlərini ifadə etmək bacarığı arasındakı boşluq çox məyusluq yaradır və bəzən davranış problemlərinə səbəb ola bilər. İnsan öyrənməsinin çoxu dil vasitəsilə olduğu üçün bu proses idrak gecikməsinə də səbəb ola bilər.

Say bacarıqları

Daun sindromlu uşaqların əksəriyyəti əsasən say bacarıqları ilə mübarizə aparır və onların say bacarıqları adətən oxumaq bacarıqlarından təxminən 2 il geri qalır. Hal-hazırda mövcud olan ən yaxşı məsləhət, öyrədici vasitələr və rəqəm anlayışlarını öyrətmək üçün vizual olaraq riyaziyyat tədris sistemlərindən istifadə etməkdir.

Yaddaş

Daun sindromlu uşaqların şifahi məlumatı yadda saxlamaq qabiliyyəti vizual məlumatı yadda saxlamaq qabiliyyəti qədər yaxşı deyil. Bu məsələ yeni söz və cümlələri öyrənməyi çətinləşdirir. Şifahi məlumat həmçinin sinifdə də öyrənməyə mənfi təsir göstərə bilər. Şifahi məlumatın ötürülməsi müvafiq şəkil materialı ilə dəstəkləndikdə öyrətmə metodu effektiv olur. Bu proses pedaqoqların Daun sindromlu uşaqlara dərs verərkən şəkillər, işarələr və vizual dəstəkləyici vasitələrdən istifadənin vacibliyini vurğulamağa səbəb olur. Çünki bu yanaşma onların güclü vizual yaddaş bacarıqlarından tam istifadə etməyə imkan verir.

© Erqoterapist Elnur Mahmudov