Hekayəyə “Çingizin hekayəsi” mi yoxsa “Çingizlə bizim hekayəmiz” mi hansı başlığı verim bilmədim.
Mənim oğlum yoldaşımla 9 illik sevgimizdən doğulub. 9 il dedikdə yəqin ki, başa düşərsiniz gələcək həyatımız üçün nə qədər xəyallar qurduğumuzu. Mən yalan deməyəcəm xəyallarımın heç birində Xüsusi övlad dünyaya gətirəcəyim ağlımın ucundan belə keçməmişdi. Özüm ailədə tək uşaq olduğum üçün bir az ərköyün xəyallar qurmuşam deyəsən. Hərçənd ki, mən yoldaşımla tanış olana qədər özümü tək uşaq bilirmişəm sonradan övladlıq olduğumu öyrendim. Bəli onun stresini sizə necə ifadə etsəm az qalar.
Oğluma 2021 ci ilin Mart ayı hamilə qaldım. İlk münasibətimdə Martın 21i. Tarix tanışdır hə? “Down sendromlular günü”. Mənim toy günümdə yoldaşıma vainkomatdan çağırış gəldi və 9 ilin sonunda evlilik günümüzün səhəri yoldaşım Naxçıvana getmək məcburiyyətində qaldı. Yoldaşım hələ orda ikən mən səhhətimdə nəyinsə düz getmədiyini, mənim ürəkbulantılarım olduğunu dedim ancaq sadəcə ilk münasibət oldugundan hamiləlik ağlımıza belə gəlmirdi.
Yoldaşımın səhhəti ilə bağlı əsgərliyi alınmadığı üçün may ayının 17si artıq Bakıya qayıtdı və 18i biz həkimə getdik. 8 həftəlik hamiləlik dedikdə monitorda mənə əl eliyən balaca barmaqları heç unutmaram.. Və uzislə katibəsinin çox həyəcanlı sözlərini : “aa Kəmalə gəl bura bax. Necə möcüzədir? 8 həftəliyində cinsiyyətin açıq aydın göstərdi. Oğlunuz olacaq.” Dedi və mən ağladım. Oğlan və ya qız mənçün önəmli deyildi sadəcə hamilə olduğum hissi ilə getməmişdim. Qapının ağzında məni həyəcanla gözləyən həyat yoldaşım. Hamiləyəm xəbəri verdikdə o qədər ağladı ki.
Bütün analizlər,uzilər,doplerlər hamsını keçdim sadəcə test vermədim. Həmin vaxt maddi vəziyyətimiz yerində olmadığından testlər verilmədi. Verilsəydi belə mən bir cana qıya bilərmiydim onu bilmirəm. Ama yaxşı ki, verməmişəm.
Noyabrın 21i son yoxlanışa getdim xəstəxanaya. Uşağın yeni döndüyünü, normalda dekabrın 14ü doğum vaxtı olsa da balaca olduğundan dekabrın 21-22 nə qədər doğula biləcəyini dedilər. Həmin həftənin 25i axşam saat 9a 15 dəq işləmiş məni artıq doğum açılışı ilə xəstəxanaya götürdülər və 26 sına keçən gecə 03:30 da Möcüzəm dünyaya gəldi. Doğuldu ağladı mənim oğlum. Həkim mənə Kserokopiyanı dünyaya gətirmisən dedi. Ama çöldə anama “uşağı genetik testdən keçirmək lazımdı” deyib. Səbəb bildirmədən.
Həmin sabah saat 05:30 da mən palataya qalxdım, oğlumuda uşaq otağına apardılar. Mənim oğlum küvezdə qalmıyıb. Səhər 9 da həyəcanla uşaq otagına girdim uşaqlara baxdım və mənim balaca mələyimi peçin altında yatmış gördüm. Ordaki qadın mənə dedi ki,hayasız oğlun səhər gələndə o qədər agladı ki bütün uşaqlar oyandı. Bir azdan pediatr gəldi və bütün uşaqları sıra ilə çağırıb muayinə edəcəyini dedi. Çingizə sıra gəldikdə “aa hə əlinin içində simiyan xətti var. Ancaq ürəyi normaldı. Balaca barmagında iki büküş var.” Sonra mənə dedi ki, çıxanda bir nömrə verəcəm oğlunu orda yoxladarsan. Nəsə problem var? Deyə soruşdum mənə xeyr dedi. Gəldim palataya beynimdə 50 fikir. Birdən baxdım ki, mənimdə əlimdə simiyan xətti var. Pediatr və doğum həkimi dedi ki, uşaq kopya sənsən artıq genetikə ehtiyyac yoxdur.
Ta ki, may ayında oğlumu Exo kardeogrammaya aparana qədər. 6 aylıq oğlumla yoxlanışda uşaqda nəsə problem olduğunu və genetik muayinə olunmağını dedilər.
O vaxta qədər heç bir həkim nəsə qüsur olduğunu mənə demədilər. Mayın 27si oğlumla Genom genetik klinikasına getdik və iyunun 27 si cavab gələcəyini dedilər. Günlər, gecələr keçmədi. Down haqqda hər məlumatı oxuduqca gecə oğlumu soyundurub üstündə yoxlanışlar aparırdım. İyunun 26 sı zəng gəldi ki, hücrələrdə nəticə tapılmadı sabah təkrardan analiz verilməlidir. Yenə eyni qayda… Və iyulun 13ü telefonuma gələn genetik pdf.. Mən o vaxt yenidən doğuldum. Həyatın nə olduğunu, övladın nə olduğunu iyulun 13ü bildim mən. Mən ağladım, oğlum ağladı. Mən yemədim, oğlum yemədi. Mən yatmadım, oğlum yatmadı. Ən böyük dəstəkçim yoldaşım oldu. Heç unutmaram həyatı boyu mənə dedi ki, “Əfsanə Çingizdən ikincisi də olsa onada razıyam. Yaxşı ki, Daundu yoxsa belə şirin uşaq harda olacaqdı?” Bunu tək o gün yox hərgün deyir. Hərgün..
Hələ də içimdə daunu qəbul edə bilməmişəm deyəsən Səbinə xanım. Bilmirəm dəqiq. Hərşey o qədər qaydasındadır ki. Bəlkədə etmişəm. Onuda bilmirəm. Tək bildiyim şey +1 xromosomun həyatımızda hər gözəl şeyə müsbət təsir göstərdiyidir.
Nazim Hikmətin gözəl bir sözü var “Mən yanmasam, sən yanmasan, biz yanmasaq necə çıxar qaranlıqlar aydınlığa?”
Əsas odur Xoşbəxtəm. Varlığına bir dəfə olsun kaş ki deməmişəm..
Çingizin hekayəsi
About Author